Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı

Flag_of_Azerbaijan (1).png

1918-ci il mayın 28-dә Azәrbaycan Milli Şurası İstiqlal Bәyannamәsi qәbul edәrәk Azәrbaycan xalqının dövlәt quruluşunun  çoxәsrlik әnәnәlәrini dirçәltdi.  

Azәrbaycan Respublikası öz әrazisindә tam dövlәt hakimiyyәtinә malik olub müstәqil xarici vә daxili siyasәt yeridirdi.  Azәrbaycan Respublikasının müstәqil dövlәtә xas olan tәsisatları - parlamenti, hökumәti, ordusu, maliyyә sistemi yaradılmışdı vә fәaliyyәt göstәrirdi. Azәrbaycan Respublikası bir çox xarici dövlәtlәr tәrәfindәn tanınmış vә onlarla diplomatik  münasibәtlәr yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-dә RSFSR beynәlxalq hüquq normalarını kobudcasına pozaraq,  müharibә elan etmәdәn öz silahlı qüvvәlәrinin hissәlәrini Azәrbaycana yeritdi, suveren Azәrbaycan Respublikasının әrazisini  işğal etdi, qanuni seçilmiş hakimiyyәt orqanlarını zorakılıqla devirdi vә Azәrbaycan xalqının çox böyük qurbanlar bahasına  qazandığı müstәqilliyә son qoydu.  

Bunun ardınca Azәrbaycan 1806-1828-ci illәrdә olduğu kimi yenidәn Rusiya tәrәfindәn ilhaq edildi.  

SSRİ-nin tәşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilә bu ittifaqı tәsbit etmәli idi. Sonralar, 70 il әrzindә Azәrbaycan  Respublikasına qarşı әslindә müstәmlәkәçilik siyasәti yeridilir, Azәrbaycanın tәbii ehtiyatları amansızcasına istismar olunur,  milli sәrvәtlәri çapılıb talanır. Azәrbaycan xalqı tәqiblәrә vә kütlәvi cәza tәdbirlәrinә mәruz qalırdı, onun milli lәyaqәti  tapdalanırdı. Bütün bunlara baxmayaraq Azәrbaycan xalqı dövlәt müstәqilliyi uğrunda mübarizәni davam etdirirdi.  

"Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpası haqqında" Azәrbaycan Respublikası Ali Sovetinin 1991-ci il  avqustun 30-da qәbul etdiyi Bәyannamә dә bu mübarizәnin yekunu olmuşdur.  

Azәrbaycan Respublikasının Ali Soveti Azәrbaycan Milli Şurasının 1918-ci il mayın 28-dә qәbul etdiyi İstiqlal Bәyannamәsinә,  Azәrbaycan Respublikasının demokratik prinsiplәrinin vә әnәnәlәrinin varisliyinә әsaslanaraq vә "Azәrbaycan Respublikasının  dövlәt müstәqilliyinin bәrpası haqqında" Azәrbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bәyannamәsini  rәhbәr tutaraq bu Konstitusiya Aktını qәbul edir vә müstәqil Azәrbaycan Respublikasının dövlәt quruluşunun, siyasi vә iqtisadi quruluşunun әsaslarını tәsis edir.  

I. ÜMUMİ MÜDDӘALAR  

Maddә 1. 1920-ci il aprelin 27-28-dә RSFSR-in XI ordusunun Azәrbaycana tәcavüzü, respublika әrazisinin zәbt etmәsi,  beynәlxalq hüququn subyekti olan Azәrbaycan Demokratik Respublikasını devirmәsi Rusiyanın müstәqil Azәrbaycanı işğal  etmәsi hesab edilsin.  

Maddә 2. Azәrbaycan Respublikası 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan  Respublikasının varisidir.  

Maddә 3. SSRİ-nin tәşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilәnin Azәrbaycana aid hissәsi imzalandığı andan  etibarsızdır.  

Keçmiş SSR İttifaqının tәrkibinә daxil olmuş suveren dövlәtlәr ilә qarşılıqlı münasibәtlәrin ortaya çıxan bütün mәsәlәlәri  müqavilәlәr vә sazişlәr arasında nizama salınmalıdır.  

Maddә 4. Azәrbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddәalarına zidd gәlmәyәn  yerlәrindә qüvvәdә qalır.  

Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpası elan edilәnә qәdәr qüvvәdә olmuş, Azәrbaycan Respublikasının  suverenliyinә vә әrazi bütövlüyünә zidd olmayan, milli dövlәt quruluşunun dәyişdirilmәsinә yönәldilmiş aktların hamısı Azәrbaycan Respublikasında hüquqi qüvvәsini saxlayır.  

Azәrbaycan Respublikasının müvafiq qanunları qәbul edilәnәdәk SSRİ qanunları Azәrbaycan Respublikasının әrazisindә hüquqi qüvvәsini saxlayır; hәmin qanunların siyahısını Azәrbaycan Respublikasının parlamenti müәyyәn edir.  

Maddә 5. Azәrbaycan Respublikasının müstәqilliyinә qarşı yönәldilәn hәr hansı hәrәkәt suveren dövlәtin daxili işlәrinә qarışmaqdır vә beynәlxalq hüquq normalarına uyğun olaraq bu hәrәkәtlәrә cavab verilir.  

Maddә 6. SSRİ-nin dövlәt borcunun yalnız o hissәsi Azәrbaycan Respublikasına keçә bilәr ki, respublikanın әrazisindә tәsәrrüfat fәaliyyәti nәticәsindә vә Azәrbaycan Respublikasının ixtiyarına keçәn SSRİ әmlakı ilә әlaqәdar yaranmış olsun. 

Maddә 7. SSRİ-nin Azәrbaycan Respublikası әrazisindәki bütün daşınar vә daşınmaz mülkiyyәti Azәrbaycan Respublikasının  dövlәt mülkiyyәtidir. SSRİ-nin daşınar mülkiyyәtinin beynәlxalq hüquqa uyğun olaraq müqavilә üzrә başqa dövlәtlәrә - SSRİ nin keçmiş subyektlәrinә verilә bilәcәk hissәsi istisna tәşkil edir.  

SSRİ-nin Azәrbaycan Respublikasının hüdudlarından kәnarda olan, lakin Azәrbaycan SSRİ-nin tәrkibindә olduğu dövrdә Azәrbaycanın milli gәliri, tәbii vә başqa ehtiyatları hesabına yaranmış әmlakı bu әmlakın yaranmasında Azәrbaycanın  töhfәsinә müvafiq hәcmdә, müqavilә üzrә Azәrbaycan Respublikasına keçir.  

II. AZӘRBAYCAN XALQI  

Maddә 8. Azәrbaycan xalqı Azәrbaycan Respublikasının әrazisindә vә ondan kәnarda yaşayan, Azәrbaycan dövlәtinә vә onun qanunlarına tabe sayılan bütün Azәrbaycan Respublikası vәtәndaşlarından ibarәtdir; bu isә beynәlxalq hüquqla  müәyyәnlәşdirilmiş normaları istisna etmir.  

Maddә 9. Öz idarәetmә formasını seçmәk, başqa xalqlarla öz münasibәtlәrini müәyyәnlәşdirmәk, siyasi, iqtisadi vә mәdәni  hәyatını öz tarixi vә milli әnәnәlәrinә, ümumbәşәri dәyәrlәrә uyğun inkişaf etdirmәk Azәrbaycan xalqının ayrılmaz  hüququdur.  

Maddә 10. Azәrbaycan Respublikasında suveren hakimiyyәt Azәrbaycan xalqına mәxsusdur. Azәrbaycan xalqının hәr hansı hissәsi, hәr hansı bir şәxs suveren hakimiyyәtin hәyata keçirilmәsi sәlahiyyәtini mәnimsәyә bilmәz.  

Azәrbaycan xalqı suveren hakimiyyәti bilavasitә referendum vasitәsilә vә Azәrbaycan Respublikasının parlamentinә ümumi,  bәrabәr vә birbaşa seçki hüquqi әsasında gizli sәsvermә yolu ilә seçilmiş nümayәndәlәri vasitәsilә hәyata keçirir.  

Maddә 11. Azәrbaycan xalqı öz iradәsinin ifadәsi kimi Azәrbaycan Respublikasının demokratik quruluşuna vә qanunun  aliliyinә tәminat verir.  

III. AZӘRBAYCAN DÖVLӘTİ 

Maddә 12. Azәrbaycan xalqı müstәqil, dünyәvi, demokratik, unitar dövlәt yaradır, bu dövlәtin suverәn hakimiyyәti daxili  mәsәlәlәrdә ancaq hüquqla, xarici mәsәlәlәrdә isә yalnız Azәrbaycan xalqının azad surәtdә razılıq verdiyi müqavilәlәrdәn vә sazişlәrdәn irәli gәlәn müddәalarla mәhdudlaşdırılır.  

Azәrbaycan Respublikasının suverenliyi şәriksizdir vә onun bütün әrazisinә şamildir.  

Azәrbaycan Respublikası öz әrazisindә hәyata keçirdiyi suverәn hüquqları heç bir formada başqa dövlәtlәrә vә ya dövlәt  ittifaqlarına vermir.  

Maddә 13. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәti hakimiyyәtin bölünmәsi prinsipinә әsaslanır.  Qanunvericilik hakimiyyәti Azәrbaycan Respublikasının parlamenti tәrәfindәn hәyata keçirilir.  

Ali icra hakimiyyәti Azәrbaycan dövlәtinin başçısı olan Azәrbaycan Respublikası Prezdentinә mәxsusdur.  

Mәhkәmә hakimiyyәti müstәqil mәhkәmәlәr tәrәfindәn vә ali instansiyada - hәr birinin öz sәlahiyyәtlәri daxilindә Azәrbaycan  Respublikasının Konstitusiya Mәhkәmәsi, Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi Azәrbaycan Respublikasının Ali Arbitraj  Mәhkәmәsi tәrәfindәn hәyata keçirilir.  

Maddә 14. Azәrbaycan Respublikasının әrazisi vahiddir, bölünә vә özgәninkilәşdirilә bilmәz. Azәrbaycan Respublikası öz  әrazisinin hәr hansı bir hissәsini, hәr hansı bir formada kimsәyә vermir; yalnız Azәrbaycan Respublikası parlamentinin qәrarı ilә respublikanın bütün әhalisi arasında xalq sәsvermәsi (referendum) keçirmәk yolu ilә Azәrbaycan xalqının razılığı әsasında  sәrhәdlәrdә dәqiqlәşdirmә aparıla bilәr.  

Azәrbaycan Respublikası әrazisinin heç bir hissәsi başqa dövlәtә vә ya başqa dövlәtin hüquqi şәxsinә satıla vә verilә bilmәz.  

Maddә 15. Azәrbaycan Respublikasının әrazisindә yalnız Azәrbaycan Respublikasının Konstitusiyası vә Azәrbaycan  Respublikasının qanunları qüvvәdәdir.  

Qanunvericilik hakimiyyәti Azәrbaycan Respublikasının Konstitusiyası ilә, icra vә mәhkәmә hakimiyyәti Azәrbaycan  Respublikasının Konstitusiyası, qanun vә hüquq ilә mәhdudlaşdırılır. 

Azәrbaycan Respublikasının Konstitusiyası Azәrbaycan Respublikası parlamentinin qәrarı ilә respublikanın bütün әhalisi  arasında xalq sәsvermәsi (referendum) keçirmәk yolu ilә qәbul edilir.  

Maddә 16. Hamılıqla qәbul edilmiş beynәlxalq hüquq normalarına uyğun olaraq Azәrbaycan Respublikası başqa dövlәtlәrlә münasibәtlәrini aşağıdakı prinsiplәr әsasında qurur: dövlәtlәrin suveren bәrabәrliyi, zor işlәtmәmәk vә zor işlәtmәklә hәdәlәmәmәk, dövlәt sәrhәdlәrinin toxunulmazlığı, mübahisәlәri dinc yolla nizama salmaq, başqa dövlәtlәrin daxili işlәrinә qarışmamaq, insanın hüquqlarına vә әsas azadlıqlarına hörmәt etmәk, xalqların bәrabәrliyi vә onların öz müqәddәratını tәyin  etmәk hüququ, dövlәtlәrin әmәkdaşlığı, beynәlxalq hüquqi öhdәliklәri vicdanla yerinә yetirmәk.  

Maddә 17. Azәrbaycan Respublikası:  

1. Azәrbaycan xalqının birliyini qorumalı, ayrıca şәxsin, ailәnin, ictimai birliklәrin vә digәr kollektivlәrin mәnafeyinә uyğun  surәtdә qanundan irәli gәlәn hüquqları vә azadlıqları müәyyәn edәrәk vә bunlara hörmәt göstәrilmәsini tәmin edәrәk hüquq  qaydası yaratmalıdır.  

2. Sosial fәallığın bütün növlәrinә rәvac vermәli vә onları әlaqәlәndirmәli, bütün vәtәndaşların mәnafelәrinin qanuna әsasәn  uzlaşmasını tәmin etmәli, hәr bir şәxsin azad inkişafı üçün bәrabәr şәrait yaratmalıdır.  

3. Dövlәt vә ya ictimai mәnzil fondunun evlәrindә abad yaşayış sahәsi almaqda vә ondan daimi istifadә etmәkdә, fәrdi  mәnzil tikintisindә Azәrbaycan Respublikası vәtәndaşlarına kömәk göstәrmәlidir.  

4. Güzәranı daha ağır olan әhali qruplarının vәziyyәtinin yaxşılaşdırılması vә sosial müdafiәsi qayğısına qalmalı, onların  insana layiq hәyat sәviyyәsini, binәsiblәrin sosial müdafiәsini tәmin etmәyә çalışmalıdır.  

5. Azәrbaycan Respublikası vәtәndaşlarının hәyatına, sağlamlığına, şәxsi azadlığına vә tәhlükәsizliyinә edilәn qәsdlәrdәn  onların müdafiәsini tәmin etmәlidir.  

6. Azәrbaycan Respublikası vәtәndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizәsinә kömәk göstәrmәli,  dövlәtin әzәli vә tәbii özәyi olan ailәni, habelә anaları vә uşaqları himayә etmәlidir.  

Maddә 18. Azәrbaycan Respublikasında Azәrbaycan Respublikasının vahid vәtәndaşlığı müәyyәn edilir.  

Azәrbaycan Respublikası öz vәtәndaşlarının qarşısında qanunla müәyyәn edilmiş vәzifәlәr daşıyır, Azәrbaycan  Respublikasının vәtәndaşları Azәrbaycan Respublikasının qarşısında qanunla müәyyәn edilmiş vәzifәlәr daşıyırlar.  

Heç kәs vәtәndaşlıqdan vә ya vәtәndaşlığını dәyişdirmәk hüququndan mәhrum edilә bilmәz. Azәrbaycan Respublikasının  hüquqlarından kәnarda olan hәr bir Azәrbaycan Respublikası vәtәndaşının hüquqi müdafiәsinә tәminat verilir.  

Maddә 19. Azәrbaycan Respublikasının bütün vәtәndaşları qanun qarşısında bәrabәrdirlәr. Azәrbaycan Respublikası insan  hüquqlarının Ümumi Bәyannamәsinә, Helsinki müşavirәsinin Yekun aktına vә hamılıqla qәbul edilmiş, başqa beynәlxalq  hüquq sәnәdlәrinә qoşularaq onlarda nәzәrdә tutulan bütün hüquq vә azadlıqlara vәtәndaşların cinsindәn, irqindәn vә milli  mәnsubiyyәtindәn, dini etiqatından, sosial mәnşәyindәn, siyasi әqidәsindәn vә başqa hallardan asılı olmayaraq әmәl  edilmәsini, bu hüquq vә azadlıqların maneәsiz hәyata keçirilmәsini tәmin edir.  

Azәrbaycan Respublikası vәtәndaşlarının hüquq vә azadlıqları qanunda nәzәrdә tutulmuş xüsusi hallardan başqa, hәr hansı formada mәhdudlaşdırıla bilmәz.  

IV. İQTİSADİ MÜNASİBӘTLӘR  

Maddә 20. Bütün tәbii ehtiyatlar hәr hansı şәxslәrin vә ya tәşkilatların mülkiyyәt hüquqlarından vә mәnafeyinә xәlәl  gәtirilmәdәn Azәrbaycan Respublikasına mәxsusdur.  

Maddә 21. Hansı mәnbәdәn gәlirsә gәlsin, Azәrbaycan Respublikasının bütün mәdaxili vahid ehtiyatlar әmәlә gәtirir vә bu  ehtiyatlar qanundan irәli gәlәn tәlәblәrә vә öhdәliklәrә әmәl olunmaqla, qanunun müәyyәn etdiyi mәqsәdlәr üçün vә qanunun müәyyәn etdiyi qaydada işlәdilir.  

Maddә 22. Mülkiyyәt dövlәt mülkiyyәti, xüsusi mülkiyyәt vә kollektiv mülkiyyәt şәklindә ola bilәr.  

Xüsusi vә kollektiv mülkiyyәtә qanunla icazә vә tәminat verilir; qanun onların alınması vә onlardan istifadә olunması üsullarını, onların fәaliyyәt hüdudlarını müәyyәn edir. 

Xüsusi vә kollektiv mülkiyyәt mәcburi şәkildә özgәninkilәşdirilә bilmәz. Qanunda nәzәrdә tutulmuş hallarda xüsusi vә kollektiv mülkiyyәt zәrәrin ödәnilmәsi şәrtilә Azәrbaycan Respublikasının xeyrinә özgәninkilәşdirilә bilәr.  

Daşınar vә daşınmaz әmlakın tam müsadirәsinә yol verilmir.  

Maddә 23. Azәrbaycan Respublikasında hәr cür iqtisadi fәaliyyәt bazar münasibәtlәrinә vә sahibkarlıq azadlığına әsaslanır.  

Maddә 24. Azәrbaycan Respublikası kooperasiyaya rәvac verir vә müxtәlif kooperativ tәşkilatlarının vә başqa birliklәrin  qanuna müvafiq surәtdә inkişafı üçün lazımi şәrait yaradır.  

Maddә 25. Azәrbaycan Respublikası bütün formalarda әmәyi mühafizә edir. Öz әmәyinin kәmiyyәt vә keyfiyyәtinә uyğun  olaraq zәhmәtkeşin azad vә lәyaqәtli yaşayış üçün kifayәt edәn haqq almaq hüququ vardır.  

Qanunla müәyyәn edilmiş hallardan başqa, mәcburi әmәk qadağan edilir.  

Әmәk qabiliyyәti olmayan vә lazımi dolanışıq imkanlarından mәhrum olan hәr bir vәtәndaşın dövlәtdәn kömәk vә yardım  almaq hüququ vardır.  

Zәhmәtkeşlәr hәmkarlar ittifaqları tәsis etmәkdә azaddırlar.  

Tәtil hüququnu zәhmәtkeşlәr bu hüququ tәnzimlәyәn qanunlar çәrçivәsindә hәyata keçirirlәr.  

V. SİYASİ MÜNASİBӘTLӘR  

Maddә 26. Azәrbaycan Respublikasının yetkinlik yaşına çatmış vәtәndaşlarının seçki hüququ vardır.  Sәsvermә şәxsi, bәrabәr, azad vә gizlidir.  

Sәsvermә hüququ yalnız vәtәndaşın hüquq qabiliyyәtsizliyi nәticәsindә vә ya qüvvәyә minmiş mәhkәmә hökmü әsasında  mәhdudlaşdırıla bilәr.  

Maddә 27. Azәrbaycan Respublikasının siyasәtinin müәyyәnlәşdirilmәsinә demokratik yolla kömәk etmәk üçün Azәrbaycan  Respublikasının bütün vәtәndaşlarının azad surәtdә siyasi partiyalar vә digәr ictimai birliklәr yaratmaq hüququ vardır.  

Maddә 28. Siyasi plüralizm prinsiplәrinә uyğun olaraq siyasi partiyalar ictimai rәyin formalaşdırılmasında vә ifadәsindә iştirak edirlәr vә siyasi fәaliyyәtin әsas ünsürlәridir. Onların yaradılması vә fәaliyyәti Azәrbaycan Respublikasının  Konstitusiyası vә qanunları çәrçivәsindә azaddır.  

Maddә 29. Azәrbaycan Respublikasını müdafiә etmәk Azәrbaycan Respublikası vәtәndaşının müqәddәs borcudur.  Qanunla müәyyәn edilmiş hüdudlarda vә növlәrdә hәrbi xidmәt mәcburidir.  

Maddә 30. Azәrbaycan Respublikasının bütün vәtәndaşları öz gәlirlәrinә uyğun olaraq dövlәt xәrclәrindә iştirak etmәlidirlәr.  Vergi sistemi mütәrәqqilik prinsipinә әsaslanır.  

Maddә 31. Bütün vәtәndaşlar Azәrbaycan Respublikasına sadiq olmalı, onun Konstitusiyasına vә qanunlarına riayәt  etmәlidirlәr.  

VI. YEKUN MÜDDӘALARI  

Maddә 32. Bu Konstitusiya Aktı Azәrbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün әsasdır.