Tural Abdullayev

Ata adı: Şakir

Doğum tarixi: 1990-02-26

Şəhid olduğu tarix: 2020-09-30

Doğum yeri: Laçın rayonunun Ərikli kəndi

O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırım törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoyub. Ömür yolunda bir dəfə də olsun doğum günü keçirdə bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu günə düşüb. Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçibdir. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşdu. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmişdir.
WhatsApp Image 2020-12-28 at 13.10.08.jpeg