Abdullayev Rövşən

Rövşən_Abdullayev.jpg

Имя Отца: Əbdülhüseyn

Дата рождения: 1969-01-16

Дата кончины: 1992-09-13

Место рождения: Lerik rayonu

Rövşən Əbdülhüseyin oğlu Abdullayev --- 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan olmuşdur. Rövşən 1973–cü ildə atasının işi ilə əlaqədar olaraq ailəlikcə Astara şəhərinə köçmüşlər. Rövşən Abdullayev Astara şəhəri 1 saylı orta məktəbində oxumuş və məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra sənədlərini Rusiya Federasiyası Leninqrad (indiki Sankt –Peterburq) şəhərində yerləşən SSRİ-Daxili İşlər Nazirliyinin “50 illiyi” adına Ali Hərbi Siyasi məktəbinə vermişdir. 1987-ci ildən 1991-il tarixinə kimi orada təhsil almışdır. Ali Hərbi Siyasi məktəbi əla qiymətlərlə bitirdikdən sonra təyinatla Rostov şəhər Daxili İşlər İdarəsinə Leytenant rütbəsində işə göndərilmişdir. O vaxtlar Qarabağda erməni separatçıları baş qaldırmışdılar. Ona görədə o, çox böyük təkidlə təyinatını Azərbaycan Respublikasına dəyişdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən onu Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsinə göndərmişlər. Rövşən Abdullayev həmin hərbi hissədə öz fəaliyyətini Rota komandirinin siyasi məsələlər üzrə müavini kimi başlamışdır. O vaxtlar artıq Qarabağda Azərbaycan ərazi bütövlüyümüz uğrunda şəhidlər verirdi. erməni işğalçıları Azərbaycanlılarin yaşadıqları kəndlərə hücumlar edir, dinc əhalini qoca, qadın və uşaqlara rəhm etmədən qırır, günahsız insanları öldürürdülər. Həmin rayonların və kəndlərin mühafizəsini Azərbaycan Respublikasının Polisləri və Daxili qoşunların əsgər və zabitləri həyata keçirirdilər. Azərbaycan Respublikasının Dağlıq Qarabağa bitişik rayonların da müdafiəsi ilə Daxili Qoşunlarin əsgər və zabit heyyəti məşğul idi. Zəngilan, Ağdam və Ağdərə rayonlarının müdafiəsi Rövşən Abdullayevin də daxil olduğu “N” sayli hərbi hissəsinə tapşırılmışdır. Rövşən Abdullayevi Rota komandiri kimi Zəngilan rayonuna göndərmişdilər. Onlarin Rotasi Zəngilan Rayonunun Qazançı kəndində yerləşirdi. Qazançı kəndi ermənistanın Qafan şəhəri ilə üz-üzə idi. Hər gün ermənilər Qafandan Zəngilanın kəndlərinə hücumlar edirdilər. Rövşən Abdullayevin komandirliyi ilə rota oraya yerləşdirildikdən sonra ermənilər hücum etməyə cəsarət etmirdilər. Hücum edəndə də igid və vətənpərvər zabitimizin başçılığı altında onqat cavablarını alırdılar. Rövşən Abdullayev çox mərd, torpağını, vətənini sevən döyüşkən və qorxmaz, dəfələrlə ölümlə üz-üzə gələn komandir idi. O, hər zaman istər işində, istər idmanda, istər yarışlarda, istərdə döyüşdə birinci olmaq istəyirdi. O, orta məktəbdə və Ali Təhsil aldiğı müddətdə də həmişə birinci olmağa çalışırdı. Yaxşı idmançı idi və daima idmanla məşğul olurdu. O, döyüşdə də həmişə öndə getməyi xoşlayırdı. Həyatda olduğu kimi döyüşdə də, həmişə öndə olmaq istəyirdi və öndə gedərdi. Onun özü daima deyərdi: Komandir öndə getməlidir, əsgər onun arxasında. O, öz əsgərlərini öz doğmaları qədər istəyirdi, əsgərlərinin birinin də burnunun qanamasına belə razı olmazdı. Bütün çətin əməliyyatlara özü rəhbərlik edərdi. Odur ki əsgərləri arasında çox böyük hörmətə malik idi. Onun zabit heyyəti arasında da çoxlu dostları var idi. Onun erməni düşmənlərinə böyük nifrəti var idi. Qarabağda baş verənlərlə, azərbaycanlı həmvətənlərinə mənfur düşmənlərin törətdiyi qırğınlar, vəhşiliklər ilə heç cürə barışa bilmirdi. Daima Qarabağa- qızğın döyüş bölgələrinə can atırdı. O vaxtı onların hərbi hissəsində rus zabitləri var idi. Onların hərbi hissədən silahları çıxarmasına Rövşən ilə dostu Vidadi (o, da rota komandiri idi) mane olmuşdular. Rusların həmin hərbi hissədən texnikanın çıxarılmasının qarşısını almışdılar. O vaxtlar bunları etmək böyük cəsarat, ürək tələb edirdi.Rövşən orta məktəbdə oxuyanda idmana böyük həvəsi var idi. Əsasən güləş və karate ilə məşğul olurdu. Futbolu da yaxşı oynuyardı. O vaxtlar “SEVİNC “ kuboku uğrunda Respublikalarda məktəblilər arasında ümumi ittifaq futbol yarışı keçirilirdi. Hər Respublikada məktəblilər arasında birinci yeri tutan komanda Leninqradda (Sankt- Peterburq) öz aralarında yarışırdılar. O illərdə Astara şəhər məktəbliləri Respublikada “Sevinc“ kubokunun qalibi olmuşdular. Rövşən Abdullayevdə o komandanın tərkibində idi. Rusiyanın Leninqrad şəhərində Respublikamızı təmsil etmişdilər. O, İdmanla ciddi məşğul olurdu və böyük həvəsi var idi. Karate idman növünə də həvəsi böyük idi və ağır yük qaldırma ilə də məşğul olurdu.Rövşən Abdullayev çox qorxmaz qeyrətli mənfur düşməni, bütün Qafan şəhərini qorxu içində saxlayan müqayisə olunmaz dərəcədə vətənpərvər igid bir komandir idi.Rövşən Abdullayevin komandirlik etdiyi tağım Zəngilanın ermənistanla sərhəd kəndlərini düşməndən qoruyan zaman ermənilər bir adım da bizim torpaqlara girə bilmirdilər. Döyüş yoldaşlarının deməsinə görə ermənilər onun başına külli miqdarda pul qoymuşdular. O, Qazançıda döyüşən müddətdə Qafan şəhərində olan ermənilər rahat yata bilmirdilər. ermənilərin Qazançı kəndinə hücumu da qəflətən olmuşdur. Rövşən Abdullayev həmin gün Zəngilan rayonu Şayıflı kəndinə əsgərləri üçün ərzaq və sursat gətirməyə getmişdir. ermənilər də Rövşən Abdullayevin Qazançı kəndində olmamasından istifadə edib, kəndə çox böyük qüvvə ilə hücuma keçmişdilər. Rövşən Abdullayev bunu eşidib tez kəndə qayıtmış və düşmənlə ölüm dirim savaşına başlamışdır. Düşmən bütün növ silahlardan qumbaraatanlardan, alazan və qrad mərmilərindən və iriçaplı güllələrdən istifadə etmişdir. Rövşən Abdullayev düşmənin çox böyük qüvvə ilə hücum etdiyini görüb əsgərlərinə meşəyə çəkilmələrini əmr etmiş, özü isə təkbaşına düşmənlə döyüşə atılmışdır. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmiş, onları geriçəkilməyə məcbur etmiş, lakin bu döyüşdə özüdə qolundan və bud nahiyyəsindən ağır qəlpə yaraları almışdır. Döyüş səngidikdən sonra əsgərləri yaxınlaşdıqda komandirlərinin ağir yaralandığını görüb, onu Zəngilan rayon mərkəzi xəstəxanasına aparmağa cəhd etmişlər. Rövşən Abdullayev əsgərlərinə “onu yerə qoymalarını və anama-atama deyərsiz oğlunuz vətən uğrunda qəhrəmancasına döyüşüb, düşmənə baş əyməyib, başlarını dik tutsunlar!!!” Bu sözlərdən sonra gənc komandir gözlərini əbədi yummuşdur.

       Rövşən Abdullayev 13 sentyabr 1992-ci il tarixində Lənkəran şəhər “kiçik bazar“ qəbristanlığında dəfn olunmuşdur. Lənkəran şəhərində  keçmiş polis idarəsinin yanında büstü qoyulmusdur. Doğulduğu Lerik rayonunda adına küçə və  mədəniyyət evi vardır. Ümummilli Liderimiz mərhum Prezidentimiz Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyin oğlu Abdullayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.