Abdullayev Şövqiyar

200px-Şövqiyar_Abdullayev.jpg

Ata adı: Cəmil

Doğum tarixi: 1969-04-05

Vəfat etdiyi tarix: 1992-08-27

Doğum yeri: Ermənistan Respublikası, Basarkeçər rayonu, Nərimanlı kəndi

Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır.

1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.