İrəvanın tarixi

İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən - xanlıqlarından biri idi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda İrəvan xanlığının ərazisində cərəyan etmişdir. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə — Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"sində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada — Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan (Lazaryev) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: "... Orada (yəni Şimali Azərbaycanda — red.) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin — red.) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik". Daim köçəri həyat sürməyə, yerdəyişmələrə adət etmiş ermənilərə bu dəfə təlqin edilirdi ki, "İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır". Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən. işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait yaratmaq üçün canfəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bessarabiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdır:- "Hazırda Cənubi Qafqazda yaşayan I milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar — red.) köçürüb gətirmişik". Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mənzərəsini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd torpaqlarında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi. Rusiya müstəmləkəçiləri, çox çəkmədən, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müsləqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imperator İ Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı.

Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə, özü də ermənilərin köçürülmə kampaniyası başa çatdırıldıqdan sonra "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi - İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.

Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazm türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər. Nəhayət, 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, öz xalqının iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə pay verildi. Və pay verilmiş həmin Şimali Azgrbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır. Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında İrəvam və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, İran və Türkiyə ilə bağladığı müqavilələrin adları və mətnləri də saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarmda mühüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun "ən qədim yerli əhalisi", ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə "gəlmə", "köçəri yırtıcılar" kimi qələmə verilməyə başlandı. Erməni millətçiləri bütün dünyaya Azərbaycan və azərbaycanlılar haqqında dayanmadan saxta və qəsdən təhrif olunmuş informasiyalar yaydılar.

 

Ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə aborigen əhali doğma yurdundan məhrum edildi.

Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yartmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.

Beləliklə, bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.

Əməkdar elm xadimi, 

AMEA-nın müxbir üzvü, 

tarix elmləri doktoru, professor 

Yaqub Mahmudovun 

"İrəvan xanlığı" kitabından