Qarabağın tarixi

Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, "Qarabağ" anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. "Qarabağ" "qara" və "bağ" türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir ("qara" sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, "böyük", "qalın", "sıx" mənasında da işlənir). Tədqiqatçılar "Qarabağ"ın "böyük bağ", "səfalı bağ" mənasında işlədildiyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi "Arsax" adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, "Arsax" sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. "Arsax" "ər" və "sak" sözlərinin birləşməsi ("sak əri") kimi də izah olunur. Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır. Azıx mağarasında (Fizuli rayonu) tapılan insan məskəni və ən qədim insanın qalıqları ("Azıxantrop" və ya "Azıx adamı") bu bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi məkanlardan olduğunu söyləməyə əsas verir. Azıxın alt çöküntülərindən aşkar edilmiş əmək alətləri Quruçay mədəniyyəti adlandırılmışdır. 1968 ildə Azıx mağarasından azıxantrop adlandırılan ibtidai insanın (350-400 min il əvvəl yaşamışdır) alt çənə sümüyünün bir hissəsi tapılmışdır. Daş dövrünün sonrakı tarixi mərhələlərində, həmçinin Eneolit (e.ə. 6-4-cü minilliklər), Tunc və ilk Dəmir (e.ə. IV minilliyin ortaları - I minilliyin əvvəlləri) dövrlərində Qarabağın həyatında ciddi dəyişiklik baş vermişdir. Son Tunc və ilk Dəmir dövrü (e.ə. 12-7-ci əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adını almışdır.  Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan Albaniya dövlətinin (e.ə. IV - eramızın VII əsri) mühüm vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Qarabağda, xüsusilə onun dağlıq ərazilərində də yayılmışdı. Ərəb istilaları (VII-IX əsrlər), xüsusilə Albaniya dövlətinin süqutu (705-ci il) Qarabağın həyatına da ciddi təsir göstərdi. Ərəb istilalarınadək Qarabağın tarixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün faciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın yayılması üçün əlverişli şərait yarandı və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağılmasından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin (975-1075), Böyük Səlcuq imperatorluğunun (XI əsrin ortaları- XII əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) hakimiyyəti altında oldu. XII əsrin sonu- XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla, Qarabağ-Alban məliklikləri [Xaçın, Vərəndə, Dizaq, Gülüstan] yarandı. Qarabağ XIII-XIV əsrlərdə bütünlüklə Monqol imperiyasının, XIV əsrin sonu - XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şirvan hökmdarı I İbrahim [1382-1417] Qarabağın düzənlik hissəsini öz torpaqlarına birləşdirə bilmişdi. Qarabağ XV-XVIII əsrin əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501), Səfəvilər (1501-1736) dövlətlərinin tərkib hissəsi idi. Səfəvilər Qarabağ torpaqlarının bütöv halda Qarabağ və ya Gəncə bəylərbəyiliyində birləşdirmişdilər. Səfəvi-Osmanlı müharibələri dövründə (1514-1555, 1578-1590 və s.) Qarabağ əldən-ələ keçmişdi. 1590 il müqaviləsindən sonra Osmanlı dövlətinin tərkibinə qatılan Qarabağ torpaqlarında siyahıyaalma nəticəsində müfəssəl dəftər tərtib edilmişdi (1593). Həmin məlumata görə, Gəncə-Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünürdü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman, qalanı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali xristianlaşmış (və qriqorianlaşmaqda olan) albanlar idi. Səfəvi dövlətinin zəifləməsi XVIII əsrin I rübündə Azərbaycan torpaqlarının İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürülməsi ilə nəticələndikdə, Qarabağ Osmanlı dövlətinin tərkibində qalmışdı. Bu dövrə aid siyahıyaalmanın nəticələri, daha doğrusu, Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə, 1727 ildə Gəncə-Qarabağ əyalətindəki 122 min nəfərədək əhalinin 80,3 min nəfəri (66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqorianlaşmış və erməniləşmiş albanlar, 3,7 min nəfəri (3%) kürdlər olmuşdur. Azərbaycan torpaqlarının bölüşdürülməsində fəal iştirak edərək, Xəzəryanı torpaqları ələ keçirən Rusiya çarı I Pyotr [1682/89-1725] bu torpaqlarda möhkəmlənmək və özünün işğalçılıq planlarını genişləndirmək üçün ermənilərdən istifadə edilməsinə böyük önəm verirdi. Bu məqsədlə o, 1724 il noyabrın 10-da ermənilərə ünvanlanmış fərman imzalamışdı. Fərmanda ermənilərin işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi, onlara mehribanlıq göstərilməsi, boşalmış evlərin, münbit torpaqların onlara verilməsi, mühafizələrinin təşkil edilməsi, bütün bunları həyata keçirmək üçün müsəlmanların doğma yerlərindən deportasiyası nəzərdə tutulurdu. Sonuncu Səfəvi hökmdarı III Abbası [1732-1736] yıxaraq, hakimiyyətə gələn Nadir şahın [1736-1747] onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinə qarşı cəza tədbirləri də Qarabağın alban məlikliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümündən (1747) sonra Azərbaycan ərazisində xanlıqlar yarandı. Keçmiş Gəncə-Qarabağ əyalətində iki xanlıq - Gəncə və Qarabağ xanlıqları meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmuşdu və bu xanlıq əslində müstəqil bir dövlət idi. Xanlığın banisi Pənahəli xan [1747-1763] onun siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində ciddi tədbirlər həyata keçirdi. Xanlığın siyasi mərkəzi kimi Şuşa şəhərinin əhəmiyyəti artdı. Qarabağ-alban məlikliklərinin separatçıhq fəaliyyətinə qarşı qətiyyətli mübarizə aparıldı. Xanlığı daha da inkişaf etdirmək və Azərbaycan torpaqlarını birləşdirmək sahəsində Pənah xanın fəaliyyətini oğlu İbrahimxəlil xan [1763-1806] davam etdirdi. Məlikliklər və onlara köməklik göstərən Rusiya imperiyasının xanlığa qarşı təşkil etdiyi "səlib yürüşü" boşa çıxdı. XVIII əsrin sonunda Ağa Məhəmməd Şah Qacar [1795-1797] tərəfındən Qarabağ xanlığına qarşı təhlükə artdı. 1795-ci ildə həyata keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə tab gətirsə də, 1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirə bildi, lakin burada sui-qəsd nəticəsində öldürüldü. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda işğalçılıq fəaliyyəti yenidən genişləndi. 1801 ildə Gürcüstan imperiyaya qatıldı, 1803 ildə Car-Balakən, 1804 ildə Gəncə xanlığı işğal olundu. Belə bir tarixi şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası ilə Kürəkçay müqaviləsini imzaladı (1805, 14 may). Xanlıq, əslində, Rusiyaya ilhaq edildi. Qarabağda işğal rejiminin qurulmasına başlandı. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək adi əyalətə çevrildi. Qarabağda komendant idarə üsulu yaradıldı. Çar Rusiyasının 1840-cı il 10 aprel tarixli idarə-inzibati islahatı nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və Kaspi vilayətinə (mərkəzi Şamaxı) tabe edildi. Bununla da, Qarabağ anlayışı siyasi mənasını itirərək, yalnız coğrafı məfhum kimi qaldı. 1846 ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı (1859 il-dən Bakı) quberniyasına tabe edildi. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası bu dəfə onun tərkibinə verildi. Şuşa qəzasının ərazisində Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil edildi. Çarizmin Şimali Azərbaycan torpaqlarını işğal etməsi, bütövlükdə onun, o cümlədən Qarabağın erməniləşdirilməsilə yanaşı gedirdi. 1828-ci ildə Rusiya ildə Qacar İranı arasında, 1829-cu ildə isə Rusiya ilə Osmanlı Türkiyəsi arasında müqavilələr imzalanmasından sonra ermənilərin yeni işğal olunmuş ərazilərə, o cümlədən Qarabağa köçürülməsi həyata keçirilməyə başladı. Bu da, Qarabağ əhalisinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsinə şərait yaratdı.  Qafqazda qoşunların baş komandanı P.Yermolovun göstərişinə əsasən 1823-cü ildə tərtib olunmuş “Qarabağ əyalətinin təsvirin”də  göstərilirdi ki, bu əyalətin qeydiyyatında olan 20095 ailədən 15729-u (78,3%) azərbaycanlı , 4366- sı (21,7%) erməni idi. Cənubi Azərbaycandan və Osmanlı Türkiyəsi ərazisindən ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni kəndlər (Marağalı, Canyataq və s.) meydana gəlmişdi. Mövcud məlumatlara əsasən, 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 90 min erməni köçürülmüşdü.  Ermənilərin Qarabağ ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdi. 1911-ci ilə aid rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon erməninin 1 milyondan çoxu köçürülənlər idi. Artıq 1916-cı ildə Qarabağda, xanlıq sərhədləri daxilində əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni idi. Köçkün ermənilərin əksəriyyəti Qarabağın dağlıq hissəsində məskunlaşırdı. Çarizmin ermənipərəst siyasəti nəticəsində ermənilərin inzibati idarəçilikdə möhkəmlənməsi, köçürülmə prosesində saylarının süni şəkildə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayiət olunurdu. Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait sayəsində Qafqazın iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə, sosal iqtisadi, hərbi-siyasi və mədəni həyatın bütün sahələrində yer alan ermənilər Rusiyaya arxalanaraq, sərsəm "Böyük Ermənistan" xülyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Bu bədnam siyasətin əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli türk-müsəlman əhalisini məhv etmək və bu torpaqları ələ keçirmək idi. XIX əsrin 90-cı illərində ermənilərin havadarlarının təhriki ilə Osmanlı dövlətində mərkəzi hakimiyyətə qarşı başladıqları təcavüzkar-separatçılıq çıxışları uğursuzluğa düçar olduqdan sonra bu təcavüzkar-separatçılıq Şimali Azərbaycana keçirildi. Bununla Qarabağdakı hərbi-siyasi vəziyyət daha da kəskinləşdirildi. Ermənilər 1905-ci ildə yerli azərbaycanlılara qarşı tarixə "erməni-müsəlman davası" adı ilə daxil olan dəhşətli soyqırımı törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti Qarabağda daha faciəli şəkil aldı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qarabağın da tarixində mühüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi elan etdi və burada siyasi hakimiyyətinin bərqərar edilməsi üçün lazımi addımlar atmağa başladı. Tiflisdə elan edilmiş Ermənistan Respublikası da Qarabağa əsassız iddia irəli sürürdü. Vətən axtarışında olan erməni-daşnak millətçiləri İrəvan quberniyasını, Zəngəzuru, Naxçıvanı və Qarabağı yerli Azərbaycanlı əhalidən təmizləməklə bu bölgələri də bütünlüklə Ermənistan ərazilərinə çevirməyə çalışırdılar. Bu niyyətin həyata keçirilməsi qanunsuz olduğu üçün erməni-daşnak millətçiləri qanlı təcavüz yolu ilə adları çəkilən bölgələrin azərbaycanlı əhalidən təmizlənməsinə başladılar. Həmin təcavüzkar planların həyata keçirilməsi üçün erməni millətçilərinin sərəncamında çox böyük sayda hərbi qüvvələr var idi. Çar Rusiyası və böyük dövlətlər tərəfindən silahlandırılan və təşkilatlandırılan erməni hərbi qüvvələri Osmanlı Türkiyəsi ərazisində erməni muxtar qurumun yaradılmasına nail ola bilmədikdə bütünlüklə Qafqaza axışdılar və öz silahlarını azərbaycanlı əhaliyə qarşı çevirdilər. Erməni mənbələrinin məlumatına görə, Birinci Dünya müharibəsi illərində Rusiya ordusunun Qafqaz cəbhəsindəki döyüş hissələrində 30 min, xidməti hissələrdə isə 40 min erməni xidmət edirdi. Bundan əlavə erməni könüllülərindən ibarət 9 drujina yaradılaraq Osmanlı Türkiyəsi ərazisinə göndərilmişdi. Bütün bu qüvvələr Osmanlı Türkiyəsinin parçalanmasına nail ola bilmədikdə Ermənistan adlı bir dövlətin Azərbaycan torpaqları üzərində qurulması planının icrasına başladılar ki, Qarabağ ərazisi də bu plana daxil idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında" qərar qəbul etdi. Bu vəzifəyə Xosrov Paşa bəy Sultanov təyin edildi. X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. General-qubernatorluq tərəfindən görülən əməli tədbirlər nəticəsində Qarabağın dağlıq hissəsində separatçılığa təhrik olunan ermənilər Azərbaycan hökumətini tanımaq məc­buriyyətində qaldılar və bununla bağlı 1919-cu il iyun ayının 30-da “Qarabağ erməni­lərinin Azərbaycan hökuməti ilə müvəqqəti razılaşması” imzalandı. Bu razılaşmaya əsa­sən Azərbaycan hökuməti də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin mədəni muxtariyyətini tanıyırdı.

Ermənistan hökuməti isə öz ərazilərinin genişləndirilməsi məqsədi ilə Qarabağda sabitlik yaranmasını birmənalı şəkildə istəmir və buna görə də Qarabağa qarşı silahlı müdaxilədən və təcavüzkarlıqlardan əl çəkmirdi. 1920-ci ilin mart ayının sonlarında Qarabağda erməni təcavüzkarlığı öz zirvəsinə çatdı. Azərbaycanda Novruz bayramının qeyd edildiyi günlərdə Ermənistanın hərbi qüvvələri Qarabağda təşkilatlanmış separatçı qüvvələrlə birləşərək bölgədə iri miqyaslı hərbi əməliyyata başladılar. Ancaq Azərbaycan hökumətinin təşkilatçılığı və Cümhuriyyət Ordusunun fədakarlığı sayəsində Ermənistan hökumətinin və erməni separatçı qüvvələrinin təcavüzkarlığının qarşısı qətiyyətlə alındı və Qarabağ ərazisində Azərbaycan hakimiyyəti bərqərar edildi.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, mayın birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında sovet hakimiyyəti quruldu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi, nəticədə, Naxçıvanla Azərbaycanın digər torpaqları bir-birindən ayrı salındı. 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə gələcək üçün yeni erməni separatçılığının əsası qoyuldu. Bu separatçılığa Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək planlarından əl çəkməyən Ermənistan hökuməti rəhbərlik edirdi. Həmin məqsədlə Moskvada olan havadarlarının köməyi ilə Ermənistan hökuməti Azərbaycan Respublikasının ərazilərinin, o cümlədən də Dağlıq Qarabağın Ermənistana verilməsi üçün dəfələrlə məsələ qaldırmışdı. Məsələn, Ermənistan rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında İ.Stalinə müraciət edərək, Ermənistana bitişik olan  DQMV-nin Qarabağ vilayəti kimi Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Bu məsələ ilə bağlı Ermənistan rəhbərinin məktubu Azərbaycanın o zamankı rəhbəri M.C.Bağırova göndərildi. Bağırovun 1945-ci il 10 dekabr tarixli cavab məktubunda real faktlara əsaslanaraq bildirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və bu vilayət ərazilərinin Ermənistana heç bir aidiyyatı yoxdur.

Sovet hakimiyyəti illərində Ermənistan rəhbərliyi dəfələrlə mərkəzi hakimiyyət nümayəndələri qarşısında Dağlıq Qarabağın Azərbaycandan qoparılması barəsində məsələ qaldırdılar və bu məsələnin onların xeyrinə həlli üçün havadarlar da tapdılar. Lakin hər dəfə Azərbaycan rəhbərliyinin müdaxiləsindən sonra Ermənistan rəhbərliyini  qanunsuz təklifləri rədd edildi.

1985-ci ildə Mixayil Qorbaçovun Sovet İttifaqında hakimiyyətin başına gəlməsi ilə Ermənistan hökuməti, bütünlükdə dünya erməniliyi və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün əlverişli imkan əldə etmiş oldular. 1987-ci ildə İrəvanda “Qarabağ” komitəsi fəaliyyətə başladı və həmin ilin oktyabr ayında Ermənistan rəhbərliyi tərəfindən də himayə olunan bu komitənin rəhbərliyi altında İrəvanın Puşkin meydanında Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsi tələbi ilə kütləvi mitinqi təşkil edildi. Elə həmin ilin noyabrında Sovet İttifaqının rəhbəri M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik A.Aqanbekyan Fransada olarkən “Humanite” qəzetinə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermə­nistana verilməsinin məqsədəuyğunluğu haqqında öz fikirlərini irəli sürdü. Azərbaycanın istər sovet qanunları, istərsə də respublikadaxili qanunları ilə təsbit edilmiş ərazilərinin parçalanmasına nail olunması üçün elə 1987-ci ildə Ermənistanda “Mərkəz” adlı gizli hərbiləşdirilmiş təşkilat yaradıldı. Bu təşkilat çərçivəsində azərbaycanlıları qıraraq on­ların əzəli torpaqlarına sahib olmaq üçün erməni millətçilərinin gizli silahlandırılmasına başlandı. Nəticədə elə 1987-ci ilin sonlarından və 1988-ci ilin əvvəllərindən Azərbaycana və azərbaycanlılara qarşı erməni silahlı təcavüzləri vüsət almağa başladı.

Məsələn, 1988-ci ilin sentyabr ayında erməni silahlıları Kərkicahan kəndinin, sonra isə Xocalının üzərinə hücum çəkdilər. Həmin ilin noyabr ayının sonunda üç gün ərzində Ermənistan ərazisində 30-dan çox azərbaycanlı öldürüldü. Xüsusilə, Spitakda azərbaycanlı əhaliyə qarşı təcavüzkarlıq daha amansız xarakter aldı. 1988-ci ilin sonunda Ermənistanda demək olar ki, atıq heç bir azərbaycanlı qalmamışdı.

Erməni millətçi hərəkatlarının fəalları və rəhbərləri də açıq şəkildə bildirirdilər ki, əgər dinc yolla Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə nail olmasalar, onda bunu silahlı yolla edəcəklər və 1988-ci ildən də erməni millətçilərinin silahlandırılması kütləvi xarakter aldı. Gizli deyildi ki, bu silahlanma azərbaycanlı əhaliyə qarşı idi və İttifaq miqyasında bu qanunsuz silah toplanmasına heç bir ciddi münasibət nümayiş etdirilmədi. 1988-ci ilin sonlarından etibarən isə ayrıca erməni silahlı dəstələrinin formalaşdırılmasına başlandı.

1988-ci ilin sonlarında Ermənistanda baş verən zəlzələdən sonra xarici yardım yükləri ilə birlikdə bu respublikaya silah daşınması da geniş xarakter aldı. Bu silahlar imkan verdi ki, formalaşdırılmaqda olan millətçi dəstələr daha keyfiyyətli silahlarla təchiz edilsin.  Həmin silahlar daha çox Livandan gətirilirdi və onların gətirilməsi Livan və Suriya ermənilərinə tapşırılmışdı.

Mövcud məlumatlara görə, 1989-cu ilin ilk aylarından etibarən Qarabağın dağlıq bölgəsinin erməni kəndlərinə artıq çoxlu miqdarda silah toplanmışdı. 1989-cu ilin ortalarında Qarabağın dağlıq hissəsində 80-dən çox erməni terrorçu dəstələri mövcud idi. Bu terrorçu dəstələrin üzvlərinin əksəriyyəti də Ermənistandan gəlmiş millətçilər idi.

1989-cu ilin avqust-dekabr ayları ərzində, yəni İttifaq hakimiyyyətinin kifayət qədər möhkəm olduğu bir vaxtda  Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələri üzərinə 91 dəfə silahlı basqın həyata keçirilmiş və bunun nəticəsində 52 nəfər öldürülmüş, 166 nəfər yaralanmışdı. 1990-cı il yanvar ayının 18-də isə Naxçıvan Muxtar Respublikasının Kərki kəndi erməni silahlıları tərəfindən işğal edildi. Başqa sözlə, hələ sovet hakimiyyəti illərində Azərbaycan ərazisi Ermənistanın hərbi işğalına məruz qaldı.

1990-cı il avqust ayının 20-də erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs-Ayrım kəndinə hücum etdilər. Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilmiş olan SSRİ daxili qoşun bölmələri  kəndi müdafiə etmək üçün yerli əhaliyə kömək göstərməyə çalışsa da, vertolyotlar vasitəsilə ermənilərə əlavə qüvvələr gətirildi. Bu basqın zamanı erməni silahlılarının ixtiyarında 4 ədəd top və əlavə olaraq minaatan və qumbaratan, avtomat və snayper tüfəngləri var idi. Yəni, erməni silahlı dəstələri elə təchiz olunmuşdu ki, hətta daxili qoşun bölmələri də onların qarşısını ala bilmədilər. Kənd ermənilər tərəfindən tutularaq bütünlüklə yandırıldı.

Ermənistanın təcavüzkarlığı nəticəsində 1990-cı ildə artıq Azərbaycanın Kərki, Bağanıs-Ayrım kəndləri işğal edilmiş, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Şınıx, Xeyrimli və Quşçu Ayrım  kəndləri isə mühasirə altına alınmışdı. 1990-cı ilin 8 ayı ərzində Ermənistanla sərhəd bölgəsində azərbaycanlı əhali üzərinə 280 silahlı basqın olmuş, bu basqınların nəticəsində 36 nəfər qətlə yetirilmiş, 71 nəfər isə yaralanmışdı. Oxşar təcavüzkarlıq Qarabağın dağlıq hissəsində də şiddətlənməkdə idi. Məsələn, həmin müddət ərzində Dağlıq Qarabağda 84 dəfə millətlərarası münaqişə baş vermiş, bu münaqişələr zamanı 13 nəfər həlak olmuş, 65 nəfər odlu silahdan yaralanmışdı.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkarlığı haqqında məsələ 1990-cı ilin iyul ayında Moskvada təşkil olunmuş Sovet İttifaqı Kommunist Partiyasının XXVIII qurultayında da müzakirə olundu. Moskva tərəfindən DQMV fövqəladə rayonun komendantı təyin olunmuş  general-mayor V.Safonov da bu qurultayda Qarabağ ətrafında yaranmış hərbi vəziyyət haqında geniş məlumat verdi.

O öz çıxışında erməni silahlıları ilə bağlı “ekstremist” ifadəsini işlətdi və bununla Qarabağda ekstremist qüvvələrin fəaliyyət göstərdiyini ölkə rəhbərliyinin də diqqətinə çatdırdı. General V.Safonovun bildirdiyinə görə Dağlıq Qarabağda:

- Vəziyyətin gərgin olaraq qalmasının günahkarı Azərbaycana qarşı ərazi iddiaları irəli sürən millətçi qüvvələr idi ki, bu iddialar Azərbaycanın suverenliyini pozmaqdadır. Belə qüvvələr Dağlıq Qarabağı təxribatçı planların oyuncağına çevirməklə xalqa gətirdikləri fəlakətlər haqqında düşünmürlər. Belələri, Azərbaycan və erməni xalqları arasında qarşıdurmanı faciəli həddə çatdırmışdır.

General V.Safonov Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi və erməni millətçi qüvvələrinin təcavüzkarlığının qarşısının alınması üçün aşağıdakıları təklif edirdi:

-Mövcud olan sərhədlərin dəyişdirilməsi cəhdlərindən əl çəkmək, sivil cəmiyyətlərdə mövcud olan və ümumi qəbul olunan normalara riayət etmək, SSRİ-nin əsas qanunu olan Konstitusiyanın tələblərinə əməl etmək;

-Ermənistan Respublikasında təşkil edilən və daim konfliktlər yaradan silahlı qurumların buraxılması və tərksilah edilməsi haqqında SSRİ prezidenti tərəfindən qərar verilsin. Əks təqdirdə bu millətlərarası münaqişə uzun illər ərzində faciəli nəticələrlə davam edəcəkdir;

-Ermənistan tərəfindən Azərbaycanın daxili işlərinə müdaxilə edilməsinə son qoyulsun;

-DQMV məsələsi vilayət rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında həll edilsin. Çünki bu məsələ Azərbaycanın daxili məsələsidir .

Bu təkliflər də erməni millətçilərinin və onların havadarlarının təzyiqi nəticəsində mərkəz tərəfindən qəbul edilmədi və Azərbaycana qarşı davam edən erməni təcavüzkarlığının qarşısı alınmadı.

1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə göstərilən cəhdin uğursuzluğa  düçar olması SSRİ-nin dağılmasını daha da sürətləndirdi. Mərkəzin müttəfiq respublikalara nəzarət gücü tamamilə zəiflədi. Bu isə Ermənistanın təcavüzkarlığına yeni bir təkan verdi. Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına nail olmaq üçün Ermənistanın millətçi dairələri 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlı oyuncaq bir qurumun yaradıldığını elan etdilər.

Erməni millətçiləri yaranmış fürsətdən istifadə edərək silahlı təcavüzü daha da genişləndirdilər və Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlıların da öz yurdlarından sıxışdırılmasına başladılar. Onlar bu qanunsuz əməlləri ilə amansız qırğınlar törədərək Azərbaycan kəndlərini yerlə-yeksan etdilər. 1991-ci ilin sentyabr ayında Ağdərə rayonunun İmarət-Qərvənd kəndi erməni silahlı dəstələri tərəfindən işğal edildi. Bu kənd bölgədə təcavüzün daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edirdi. Onun ələ keçirilməsi Kəlbəcər istiqamətindən Ermənistanla birbaşa əlaqələrin yaradılmasını xeyli asanlaşdırırdı.

Sonrakı aylarda erməni təcavüzünün miqyası daha da genişləndi. Oktyabr ayının sonlarında Xocavənd rayonunun Tuğ kəndi, həmin rayonun Salakətin kəndi də erməni silahlıları tərəfindən işğal edildi.  1991-ci ilin noyabr ayında Qarabağın dağlıq ərazisində işğal altına düşən Azərbaycan kəndlərinin sayı daha da artdı.  1991-ci ilin sonları və 1992-ci ilin əvvəlindən, yəni SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı açıq və genişmiqyaslı müharibəyə başladı. Bütün beynəlxalq normaların əksinə olaraq Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağda təşkilatlandırılmış separatçı dəstələrlə birlikdə Qarabağın dağlıq hissəsi, habelə bu bölgə ilə həmsərhəd olan Azərbaycanın Laçın, Zəngilan, Kəlbəcər, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı rayonları işğal edildi. Həmin rayonların əhalisi bütünlüklə etnik təmizləməyə məruz qaldı, işğal edilmiş ərazilərdəki bütün yaşayış məskənləri, ictimai, mədəni obyektlər, tarixi abidələr və qəbristanlıqlar məhv edildi. Bütünlükdə, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağda, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Qarabağın dağlıq hissəsində və onun ətrafında alovlanan erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 nömrəli, 1993-cü il iyul ayının 29-da 853 nömrəli, 1993-cü ilin oktyabr ayının 14-də 874 nömrəli və həmin ilin noyabr ayının 12-də 884 nömrəli qətnamələrini qəbul etdi. Bütün bu qətnamələrin hamısında erməni hərbi qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi tələb olundu. Lakin Ermənistan rəhbərliyi bu günə qədər bu beynəlxalq qətnamələrin qərarlarının icrasına qarşı saymazlıq nümayiş etdirir və öz işğalçılıq siyasətindən əl çəkmir.