Kəlbəcər rayonu

Kəlbəcər

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə Azərbaycanın qüvvələri düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.