Ağdam rayonu

Ağdam

Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir.

1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Minlərlə sayı olan erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.